20 Yanvar Azərbaycan xalqının tarixinə qanla yazılmış səhifələrdən biridir. Amma o müdhiş gecə tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, qəhrəmanlıq günü kimi daxil oldu. 1990 -cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin razılığı və M.Qorbaçovun fərmanı ilə Bakıya qoşun yeridildi. Rəsmi rəqəmə görə 35 min nəfərdən ibarət həmin ordu hissələrinin tərkibinə SSRİ Daxili İşlər Nazirliyiyinin böyük kontingenti, SSRİ DTK-nın “Alfa” qrupu, həmçinin Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdilər.
20 Yanvar faciəsi zamanı və sonrakı günlərdə 137 nəfər dinc sakin vəhşicəsinə qətlə yetirildi, 700-dən çox adam yaralandı, Azərbaycan paytaxtına külli məbləğdə maddi ziyan dəydi. Törədilən vəhşiliklərdən dinc əhalini müdafiə etməyə çalışan Azərbaycan polisi də itkilər verdi. Həmin gecə öz xidməti vəzifəsini yerinə yetirən 5 polis işçisi qəhrəmancasına həlak oldu.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıda törətdikləri vəhşiliklərlə, SSRİ rəhbərliyi öz xalqına, dinc əhaliyə qarşı həyata keçirdiyi cəza tədbirləri ilə 1949-cu il Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan Haqları Bəyannaməsinin və insan hüquqları ilə bağlı digər beynəlxalq aktların çoxsaylı müddəalarını kobud şəkildə pozdu.
1990-cı il yanvrın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin bu barədə Azərbaycanda əhaliyə heç bir məlumat verilməmişdi. Həmin gecə sovet qoşunları fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan Bakı şəhərinə daxil oldular və dinc əhaliyə divan tutdular.
Faciənin ertəsi günü - 1990-cı il yanvarın 21-də görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, etiraz səsini ucaltdı. O, mətbuat konfransı keçirdi, xarici ölkələrin KİV nümayəndələrinin qarşısında sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı təcavüzünü konkret faktlarla pisləyən bəyanat verdi. Ulu öndər Heydər Əliyevin həmin bəyanatı bütün dünyaya yayıldı. Bu bəyanatla Heydər Əliyev ilk oalraq 20 Yanvar faciəsinə siyasi qiymət verdi.
Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də faciə ilə bağlı çağırılmış sessiyasına respublikanın əksər siyasi və dövlət rəhbərlərinin gəlməməsi onların xalqın taleyinə biganə olduqlarını, törədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini göstərirdi. O zamankı respublika rəhbərliyi hətta şəhidlərin dəfn mərasiminə gəlməyi belə lazım bilmədi. 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi də hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədi. Daha doğrusu, bundan yayındı.
Maraqlı faktlara diqqət yetirək: 1989-cu il avqustun 4-də Ə.Vəzirov Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinə teleqram göndərib, xahiş edib ki, Bakıda sabitliyi, təhlükəsizliyi qorumaq üçün Sovet Ordusu bölmələri ayrılsın. 1989-cu il avqustun 21-də isə Viktor Polyaniçko SSRİ daxili işlər naziri V.Bakatinə teleqram göndərib bu məqsəd üçün 1500-2000 əsgər göndərilməsini xahiş edib. 1990-cı il yanvarın 10-da isə A.Mütəllibov SSRİ Nazirlər Sovetinin sədri N.İ.Rıjkova göndərdiyi teleqramda Bakıya ən azı 7000 nəfərlik daxili qoşun kontingenti göndərməsini xahiş edib. Təbii ki, belələri 20 Yanvar faciəsinin unudulmasını istəyirdi. Çünki tökülən günahsız qanlarda əlləri vardı.
AXC rəhbərləri isə Bakıya qoşun yeridiləcəyini dəqiq bildikləri halda insanları küçələrə töküb, dırnağından dişinədək silahlanmış vəhşi ordu ilə üz-üzə qoyub, qaçıb gizləndilər. Bu halda təbii ki, onlar da 20 Yanvar faciəsinə nəinki hüquqi qiymət, heç yüngülvari siyasi qiymət də verilməsini istəmirdilər. Odur ki, hər iki qrup bu işin qarşısını almağa imkanlarını itirənə qədər çalışdılar.
20 Yanvar faciəsinə rəsmi səviyyədə ilk dəfə Heydər Əliyevin təşəbbüsü və bilavasitə özünün işləyib-hazırladığı qərar layihəsi əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisində siyasi qiymət verildi.
Ümummilli lider Heydər Əliyev 1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin sessiyalarında dəfələrlə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi ilə bağlı məsələ qaldırsa da, o vaxtkı Azərbaycan rəhbərliyinin xalqın taleyinə biganəliyi nəticəsində bu məsələ öz həllini tapmadı. Beləliklə, bu qanlı hadisələrdən xeyli müddət keçsə də, keçmiş SSRİ-nin və Azərbaycanın ovaxtkı rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət cəzasız qaldı.
1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və ilk növbədə dövlət səviyyəsində siyasi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı 1993-cü ilə qədər faktiki olaraq heç bir tədbir görülmədi.
1990-cı il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoydu və sonrakı sessiyalarda bu məsələni müzakirə belə etmədi. Ali Sovetin Yanvar hadisələrini tədqiq etməli olan komissiyasının da işi başa çatdırılmamış qaldı.
1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə ümummilli lider Heydər Əliyev bu barədə deyirdi: “... Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.
Yalnız Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində siyasi qiymət verildi: “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: “Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş
1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir ”.
Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq, 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi qiymət verildi.
Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.
Sənəddə Sovet İttifaqı Kommunist Partiyasının, sovet dövləti və hökumətinin, şəxsən Mixail Qorbaçovun Azərbaycana qarşı ağır cinayət törətdikləri, Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllibovun, Viktor Polyaniçkonun, Vaqif Hüseynovun xalqımıza xəyanət etdikləri siyasi-hüquqi müstəvidə öz əksini tapdı.



SALAM NECSIN NvN NE YOX MENE PUL LAZIM
İyun 1, 2008 16:35